"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

E.Eyvazov: “Vətəndaşları narahat edən problemlərin həll edilməsi üçün bələdiyyələrin dayanıqlı maliyyə mənbələri olmalıdır”

--2017-02-08 / 02:25

“Məruzə göstərir ki, əvvəlki illə müqayisədə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bir çox işlər görülmüşdür.”- bu fikirləri Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Yerli və Regional idarəetmə şöbəsinin sektor müdiri Emin Eyvazov Milli Məclisin Regional Məsələlər Komitəsinin dünən keçirilən iclasında bildirib. 

Sektor müdirinin sözlərinə görə,  bələdiyyələr bu gün daha çox iş görməli və qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər: “Sözsüz ki, bu mənada inzibati nəzarəti həyata keçirən orqan da bələdiyyələrə köməklik göstərməklə mövcud qanunların düzgün tətbiqində həm yardımçı, həm də ədalətli tələbkar olmalıdır.

Hər kəsə məlumdur ki, bələdiyyələrimizin əsas və başlıca vəzifəsi onların ərazilərində yaşayan əhalini narahat edən problemlərin, yerli əhəmiyyətli məsələlərin həllinə nail olmaqdır. Vətəndaşları narahat edən problemlərin həll edilməsi üçün, təbii ki, bələdiyyələrin dayanıqlı maliyyə mənbələri olmalıdır, onun da yeganə yolu yerli vergi və ödənişlərin yığım səviyyəsinin artırılmasıdır. Bu işdə ədliyyə nazirliyi, Vergilər nazirliyi, bələdiyyələrin milli assosiasiyaları fəal olmalı, bu sahədə bələdiyyələrə əməli köməklik göstərməlidirlər.

Bununla bağlı  məlumat vermək istərdim ki, PA dəstəyi ilə  Azərbaycan şəhər, Qəsəbə və Kənd bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi proqramı hazırlanmış, onun təqdimatı ilə bağlı respublika üzrə zona seminarları keçirilmiş, həmin proqram bütün bələdiyyələrdə quraşdırılmış və hazırda  bələdiyyələrimiz bu proqramdan bəhrələnirlər.

Avtomatlaşdrılmış elektron məlumat sistemi vasitəsi ilə bələdiyyələrdə tədiyəçilərin uçota alınması, yaşayış və qeyri yaşayış sahələri üzrə dəqiq statistik məlumatların hazırlanması, ən vacibi isə vergi ödəyiciləri tərəfindən vergi və ödənişlərin ödənilməsi prosedurunun daha da asanlaşdırılması imkanını yaradır.

Hazırda bələdiyyələr bu proqramla işləyir və bütün əməliyatları bu proqram vasitəsi ilə həyata keçirirlər. Məlumat vermək istərdim ki, son üş ay ərzində 500 000 dən çox vergi və ödəniş ödəyicisi bələdiyyələrdə uçota alınmışdır.

Belediyye.info 

ŞƏRHLƏR